Hüquqlarını bilən qadın- Güclü qadındır
Qadınlar üçün Əmək Məcəlləsində olan əlavə məzuniyyətlər.
- Hamiləliyə və doğuşa görə məzuniyyət
Hamiləliyə və doğuşa görə məzuniyyət əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsi əsasında verilir. Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
- Övladlığa uşaq götürmüş qadınların məzuniyyəti
İki aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən istifadə edə bilər. Həmçinin uşaqlı qadınlar üçün nəzərdə tutulmuş əlavə məzuniyyətlər və qanunla nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdir.
3.Qismən ödənişli sosial məzuniyyət hüququ və istifadə qaydaları
Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
- Uşaqlı qadınların əlavə məzuniyyətləri
Məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də qanunla nəzərdə tutulan əlavə məzuniyyət hüququ var.