• Azerbaijan
  • English
  • Russian

Mühasİb olaraq malİyyənİ necə İdarə edİrəm?

Blog Details

Mühasib olaraq maliyyəni necə idarə edirəm?

Pulu düzgün idarə etmək bir bacarıqdır və bütün digər bacarıqlar kimi vərdiş halına gətirilməlidir. Bu isə bəzən aylara, bəzənsə illərə dayanan öyrənmə prosesi və təcrübə toplamaq deməkdir.

Pulu düzgün idarə edə bilmək üçün, əvvəlcə, onu necə xərclədiyimizə nəzər salmalıyıq.

 İlk addım fərqinə varmaqdır

Analiz edib fərqindəlik qazanmaq istənilən dəyişikliyin ilkin mərhələsidir. Məsələ finans seçimlərimizə gələndə isə analiz etməli olduğumuz mövzular əsasən bunlardır:

  • Pulumuzu hara və necə xərcləyirik?
  • Neçə gəlir mənbəyimiz var?
  • Həyat tərzimiz gəlirimizin aşağısında yoxsa üstündədir?

Bu suallara səmimi, faktlarla və real cavablar verməyə çalışın. Ən rahat və primitiv üsul bir kağız-qələm götürərək qeyd etdiyim sualları “bulletpoint” formasanda bir-bir cavablandırmaqdır.

Aldığımız cavablar bizi növbəti mərhələyə aparacaq.

Dəyişiklik: ən sadə söz, ən çətin hərəkət

Bu suallara cavablarımızı aldıqdan sonra etməli olduğumuz əsas məsələ seçimlərimizi dəyərləndirməkdir. “Niyə bunu alıram?”, “Bu mənə doğrudanmı dəyər qatır?”, “Əlavə gəlir mənbəyi üçün xərcləyə biləcəyim zaman və enerjim varmı?”, “Bu məhsulu ehtiyacım üçün alıram, yoxsa lüks üçün?”.

Bəzən özümüzə kiçik hədiyyələr və sürprizlər etməyə ehtiyacımız olur.

 Axı biz bunun üçün zəhmət çəkirik?! - bu cümlə hamımızın beynindən keçir.

Amma çox vaxt bu, sadəcə bir marketinq həmləsi ola bilər- reklamlarda neçə dəfə bu cümləni eşitmisiniz:

“Çünki siz ən yaxşısına layiqsiniz!”; “Özünüzə tətil təcrübəsi hədiyyə edin”; “Sizin üçün ən yaxşısını seçdik”?

Bütün bu ifadələr beynimizdə özümüzə sevgi və dəyəri ifadə etmək üçün mütləq hansısa məhsulu almalı olduğumuzu kodlaşdırır.

Növbəti dəfə ağlımıza bu düşüncə gələndə, bir anlıq dayanıb özümüzü sorğulamaqda fayda var.

İkinci mərhələ: Adaptasiya. Öyrən, unut və təkrar öyrən

Məsələ, pula gələndə hər kəs üçün şərtlər, ehtiyaclar və tələbatlar fərqli olur. Ona görə də, bu mövzuda irəli sürəcəyimiz qanunlar birimiz üçün keçərli olduğu halda, bir başqasında  işə yaramaya da bilər. 

Mənim sınaqdan keçirdiyim və hazırda həyatımda faydalandığım bir neçə üsul var:

  1. Prioritetlərimi müəyyən edirəm- mənim üçün nələr daha vacibdir, nələrsə ikinci/ üçüncü dərəcəlidir?
  2. Fiks büdcə hazırlayıram- sağlamlığım, xərclərim, investisiya, bloqum kimi önəmli sahələr üçün büdcə planlayıram 📝
  3. İstehlakçı vərdişlərimi idarə edirəm- az bəzən çoxdur 🙅‍♀️ Bəzən ehtiyacımız olmayan şeylərə maliyyə ayırdığımız üçün əsl ehtiyaclarımızın nə olduğunu unuda bilirik.
  4. Kredit kartları ilə münasibətimə göz gəzdirirəm-  kredit kartları kapitalizmin ən sevimli xidmətçisidir. Pulumuz varmış kimi bir illüziya yaradır və bizi resurarımızın imkan verdiyindən daha çox xərcləməyə təşviq edir 💴

Bu qeyd etdiyim məqamlar mənim həyat tərzim və vərdişlərimlə bağlı olduğu üçün effekt verir.

Həyatımızı gözdən keçirib, bizə xidmət etməyən vərdişlərimizi nə qədər kontrol edə bilsək, maliyyəmizi də bir o qədər rahat idarə edəcəyik!